Regionun geopolitik mənzərəsi Rusiyadan Azərbaycana qarşı yönələn soyuq münasibətlərin fonunda bulanır. Rusiyada Azərbaycanın mülki təyyarəsinin partladılması və sair hadisələrlə bağlı yaşanan faciələrə biganəlik orada yaşayan azərbaycanlılara qarşı təzyiqlərlə davam edir. Artıq azərbaycanlı miqrantların ölkədən çıxarılması ilə bağlı edilən rus çağırışlarına ölkə siyasətçiləri də qoşulur. Bu, proses üçün hansı problemləri yarada bilər?
Bu istiqamətdə Hafta.az açıqlama verən AQC sədri, CAATS prezidenti Vüqar Oruc azərbaycanlı miqrantlara qarşı olan təzyiqlərin daha çox Rusiya iqtisadiyyatına mənfi təsir göstərəcəyini bildirib.

O, bunu azərbaycanlıların Rusiyada yaşaması, biznes və sahibkarlıq fəaliyyəti göstərməsi, federasiya iqtisadiyyatına öz töhfələrini verməsi ilə əlaqələndirib:
“Rusiya iqtisadiyyatının onsuz da çətin bir mərhələdə olduğu bir vaxtda ölkəni kənar yatırımçlardan, investisyalardan təcrid eləmək, aktiv biznes fəaliyyəti göstərən insanları ölkədən uzaqlaşdırmaq Rusiya üçün çox ciddi problem yaradacaq. Eyni zamanda miqrantların ölkəmizə qayıdışı ilk dövrlər müəyyən problemlər yaratsa da, adaptasiya prosesi vəziyyəti müsbət yöndə dəyişdirəcək. Çünki həmin qrup iqtisadi fəal, müəyyən kapital yığımını həyata keçirən və biznes fəaliyyəti göstərə bilən insanlardan ibarətdir. Onların ölkəmizə transferi Azərbaycan iqtisadiyyatına öz töhfələrini verəcək”.
Ekspert müasir dünya kontekstində Azərbaycan-Rusiya əlaqələrinin sərinləşməsinə diqqət çəkib. Azərbaycan-Rusiya münasibətlərinin kəskinləşmsinə tərəfdar olmadığını qeyd edən, V.Oruc, yaxın qonşularla iqtisadi, siyasi münasibətlərin davamlı olmasının tərəflər üçün xeyirli olduğunu bildirib. O, Azərbaycanın bu siyasətə önəm verməsinə baxmayaraq, münasibətlərin sərtləşməsinin məhz Rusiyanın atdığı addımlar nəticəsində ortaya çıxdığını vurğulayıb.
V.Oruc bildirib ki, Qərbin Rusiyaya qarşı siyasi-iqtisadi sanksiyalar tətbiq etdiyi bir vaxtda Azərbaycan tez bir zamanda özünə yeni əməkdaşlar tapacaq:
“Bu gün Azərbaycanın Avropa dövlətləri, ABŞ, qardaş Türkiyə və Orta Asiya türk dövlətləri ilə çox yaxın münasibətləri var. Bu münasibətlərin inkişafı itirilmiş iqtisadi əlaqələri yüksək səviyyədə kompensasiya etməyə imkanlar yaradacaq. Bu, Azərbaycanın geopolitik imkanlarının inkişaf etməsinə yol açacaq”.